
“Yol bir mədəniyyətdir” sosial çarx müsabiqəsi
Əziz gənclər, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Film Fondu “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsinə start verir!
Müsabİqənİn məqsədİ:
-Yol hərəkəti təhlükəsizliyinin təbliği;
-Yol hərəkəti qaydalarının audiovizual şəkildə təbiği;
-Velosiped, moped və motosikletlərdən istifadə edənlər üçün yol hərəkəti və təhlükəsizlik qaydalarının təbliği;
-Azyaşlı məktəblilərin yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirilməsi;
-Sürücülər arasında yol mədəniyyətinin təbliği;
-Yaradıcı gənclərin axtarışı və onların üzə çıxarılması.
Müsabİqənİn keçİrİlmə vaxtı:
Müsabiqə 3 mart – 1 may 2021-ci il tarixlərində keçiriləcək.
Müsabİqənİn şərtlərİ:
-Müsabiqədə 15-35 yaşlı Azərbaycan Respublikasının vətəndaşları, həmçinin ölkədə təhsil alan əcnəbi tələbələr iştirak edə bilər;
-Müsabiqədə həm peşəkar, həm də həvəskar müəlliflər iştirak edir;
-Hər bir müəllif müsabiqəyə ən çox 3 (üç) sosial çarx təqdim edə bilər;
-Müsabiqəyə indiyədək heç yerdə yayımlanmayan sosial çarxlar buraxılır;
-Təqdim olunan çarxlar 2021-ci ildə istehsal olunmalı və xronometrajı 5 dəqiqədən çox olmamalıdır.
Müəlliflərin hazırladıqları sosial çarxlar 1 may 2021-ci il tarixədək Naxçıvan Dövlət Film Fondunda qəbul olunur (ünvan: Naxçıvan şəh. Heydər Əliyev pr.1, Heydər Əliyev Sarayı. Elektron poçt: naxfilm@mail.ru).
Qİymətləndİrmə:
Müsabiqəyə qəbul olunmuş sosial çarxlar aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
-Ən yaxşı sosial çarx;
-Ən yaxşı rejissor işi;
-Ən yaxşı operator işi.
Mükafatlandırma mərasimi 18 may 2021-ci il tarixdə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçiriləcək, qalib müəlliflər diplom və pul mükafatı ilə təltif olunacaqdır.