“Qalib Azərbaycan, azad Qarabağ” mövzusunda inşa-yazı müsabiqəsi təşkil edilib.

IMG_9805

11 aprel 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Qalib Azərbaycan, azad Qarabağ” mövzusunda inşa-yazı müsabiqəsi təşkil edilib.Müsabiqədən əvvəl çıxış edən Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli deyib ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən İkinci Qarabağ Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Vətən müharibəsində Azərbaycan gənclərinin torpağa bağlılığı, yurd sevgisi, gücü-qüvvəsi, nəyə qabil olduğu açıq şəkildə nümayiş olundu.Vurğulanıb ki, bu gün keçirilən “Qalib Azərbaycan, azad Qarabağ” adlı müsabiqənin məqsədi də yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və vətəndaşlıq hissinin daha da yüksəldilməsi, Vətənimizin Qarabağ zəfərini gənclərin gözü ilə təqdim etmək və onların bilik və bacarıqlarını stimullaşdırmaqdan ibarətdir. O da bildirilib ki, yazıların yoxlanılması üçün peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilmə aparılacaq. Qiymətləndirmə aparılarkən işlərin bədii səviyyəsi, orijinallığı, mətnin Azərbaycan ədəbi dilinin normalarına uyğunluğu, işin təsir edici qüvvəyə malik olması və mövzuya uyğun nəticəli sonluq kimi meyarlar əsas götürüləcəkdir. Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Məhərrəmov bildirib ki, Vətən Müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Müharibədə Naxçıvanın igid zabit və əsgərlərinin göstərdiyi şücaət də dillərə dastan oldu, Naxçıvanda gəncliyin necə vətənpərvər və azərbaycançılıq ideallarına sadiq ruhda tərbiyə olunmasından xəbər verdi. Nurlan Məhərrəmov müsabiqənin qaydalarını izah edib, iştirakçılara uğurlar arzulayıb.Sonra müsabiqəyə start verilib.50 nəfər kursantın iştirak etdiyi müsabiqədə inşaların yazılması üçün 2 saat vaxt verilib.Köçürmə və digər neqativ halların baş verməməsi üçün otaqlara könüllülərdən ibarət nəzarətçilər cəlb edilib. Qeyd edək ki, müsabiqənin nəticələri aprel ayının sonlarında elan ediləcək və qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Leave a comment