Nİzamnamə

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir 


1. Ümumi müddəalar 

1.1. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında yaradılmış, muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını təmin edən publik hüquqi şəxsdir.
1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası ­Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Fond ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün qanunvericiliklə qadağan olunmayan digər fəaliyyətlə məşğul ola bilər.
1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank ­hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.6. Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.7. Fond Naxçıvan şəhərində yerləşir. 

2. Fondun fəaliyyətinin əsas məqsədi və istiqamətləri 

2.1. Fondun fəaliyyətinin əsas məqsədi muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihə və proqramları (bundan sonra – layihə) qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkilindən ibarətdir.
2.2. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.2. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
2.2.3. gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək;
2.2.4. gənclərin muxtar respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək. 

3. Fondun vəzifələri və hüquqları 

3.1. Fond, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir;
3.1.2. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsini və qrant maliyyələşdirilməsini təşkil edir;
3.1.3. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən edir;
3.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsini təşkil edir və onların nəticələrini açıqlayır;
3.1.5. Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələrin qanunvericiliyə uyğun olaraq ekspertizadan keçirilməsini təşkil edir;
3.1.6. gənclər siyasəti sahəsində dövlət proqramlarından irəli gələn layihələrin maliyyələşdirilməsinə üstünlük verir;
3.1.7. gənclərin inkişafını təmin edən proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.1.8. aztəminatlı ailələrdən olub təhsil alan gənclərə təhsil müddətində təhsil müəssisəsinin yataqxanasında yer ayrılması üçün Fondun vəsaiti hesabına, bu Nizamnaməyə uyğun olaraq, maliyyə dəstəyi göstərir;
3.1.9. ixtisas və təhsil proqramları üzrə muxtar respublikanın ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də təcrübə proqramlarında iştirakını bu ­Nizamnaməyə uyğun olaraq maliyyələşdirir;
3.1.10. Fonda ayrılan büdcə vəsaitindən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.1.11. Fondun ayırdığı vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət edir, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün tədbirlər görür;
3.1.12. dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələrin həyata keçirilməsində iştirak edir;
3.1.13. istedadlı və fəal gənclərin mükafatlandırılmasını təmin edir;
3.1.14. yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrini dəstəkləyir;
3.1.15. kadr hazırlığını stimullaşdırır, istedadlı gənclərin və gənc alimlərin məlumat bankını yaradır;
3.1.16. gənclər təşkilatlarının maddi-texniki inkişafı yolu ilə vətəndaş cəmiyyətini və ictimai təşəbbüskarlığı dəstəkləyir;
3.1.17. gənclərin internet media sahəsində inkişafını dəstəkləyir;
3.1.18. animasiya və bədii filmlər vasitəsilə gənclərin Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək üçün tədbirlər görür;
3.1.19. gənclərin ekoloji maarifləndirilməsi məqsədilə onlar arasında müxtəlif tədbirlər, o cümlədən təlimlər və tətbiqi layihələr həyata keçirir;
3.1.20. gənclərin, o cümlədən əcnəbi gənclərin Azərbaycan və Naxçıvanın tarixinə və mədəniyyətinə dair tədqiqat işlərini dəstəkləyir;
3.1.21. Azərbaycanın və Naxçıvanın təqdimatına və təbliğinə yönəldilmiş layihələri dəstəkləyir;
3.1.22. gənclərin vəziyyətinin öyrənilməsi, müvafiq statistik məlumatların toplanması istiqamətində iş aparır;
3.1.23. gənclərin təhsili, sağlamlığı, peşəyönümü, məşğulluğu, inkişafı, asudə vaxtının səmərəli təşkili üçün zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanması və yayılması üzrə layihələrin həyata keçirilməsinə kömək edir;
3.1.24. gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı infrastrukturun modernləşdirilməsinə və gücləndirilməsinə yardım göstərir;
3.1.25. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.1.26. Fondun informasiya təminatını və onun təhlükəsizliyini təşkil edir;
3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik ­rejiminin qorunması üçün tədbirlər görür;
3.1.28. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
3.1.29. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
3.1.30. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3.2. Fond öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:
3.2.1. gənclər siyasəti sahəsində beynəlxalq təcrübəni öyrənir, təcrübə və informasiya mübadiləsi aparır;
3.2.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə gənclər siyasəti sahəsində zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan məlumatlar (sənədlər) alır;
3.2.3. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görür;
3.2.4. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
3.2.5. istifadəsində olan əmlaka münasibətdə qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirir;
3.2.6. Fondun balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə verir və ya ondan istifadə edir;
3.2.7. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirir. 

4. Fondun idarə olunması 

4.1. Fondun cari fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir. İcraçı direktor Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.
4.2. İcraçı direktor aşağıdakı vəzifələri yerinə yetirir:
4.2.1. Fondun fəaliyyətini təşkil edir və Fondu təmsil edir;
4.2.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;
4.2.3. Fondun fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edir;
4.2.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun Aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.2.5. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasını təmin edir;
4.2.6. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
4.2.7. Fondun işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasını, vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.2.8. icrası məcburi olan sərəncam və əmrlər verir;
4.2.9. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.2.10. Fondun işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;
4.2.11. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.2.12. Fondun fəaliyyət istiqamətləri üzrə işçi qruplar yaradır;
4.2.13. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.2.14. Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir. 

5. Fondun əmlakı və maliyyə fəaliyyətinin əsasları 

5.1. Fondun əmlakı təsisçinin ona verdiyi əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.2. Fond öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.3. Fond, sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Fondun xərclər smetası əsasında istifadə edir.
5.4. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir. 

6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi 

6.1. Fondun fəaliyyətinə nəzarəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.
6.2. Fondun fəaliyyətinə dair illik hesabat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edilir. 

7. Fondda uçot və hesabat 

7.1. Fond qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.
7.2. Fond qanunvericiliyə uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir. 

8. Fondun ləğvi və yenidən təşkili 

Fondun ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.