“Nİzamİ xəmsəsİ” layİhəsİ başa çatıb

nizami

Fevralın 22-də dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunan “Nizami xəmsəsi” layihəsi “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Əvvəlcə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Nizami xəmsəsi” layihəsinin keçirilməsinin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyindən danışıb. Bildirilib ki, fevralın 16-22 tarixlərini əhatə edən “Nizami xəmsəsi” layihəsinin qrafikinə əsasən “Nizami” bədii filminin nümayişi, “Sirlər xəzinəsi” poemasının müzakirəsi, Nizami Gəncəvinin həyat və yaradıcılığına dair “Xəmsə” Milli İntellektual Oyunu, “Nizami poeziyası” adlı bədii qiraət müsabiqəsi, “Nizaminin söz dünyası, poetik dili və ədəbi irsi” mövzusunda açıq dərs, “Xəmsə möcüzəsi” adlı rəsm müsabiqəsi keçirilib. Həftə ərzində təşkil olunan tədbirlərdə yüzlərlə gənc fəal iştirak edib.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev ustad sənətkar, dahi şairimiz Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş söhbət açıb, onun poeziyasından nümunələr səsləndiriblər. Nizami qəzəllərindən bədii qiraət və ifalar ustad sənətkarın irsini tədbir iştirakçılarına çatdırmaqda mühüm rol oynayıb. Tədbirdə “Nizami xəmsəsi” layihəsi çərçivəsində reallaşan “Nizami poeziyası” bədii qiraət müsabiqəsinin qalibi olmuş gənclərin çıxışları və dahi şairin obrazının yaradılması gecəyə əlavə rəng qatıb. Həmçinin gecədə “Xəmsə” Milli İntellektual Oyununun, adıçəkilən bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Leave a comment