Fond Haqqında

Gənclər Fondu

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmış, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Fondun fəaliyyəti təmin olunmuşdur.

Ali Məclis Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsin yaradılması isə diyarımızda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsini daha da genişləndirib.

Gənclər Fondu ötən dövr ərzində fəaliyyətini muxtar respublikada tələbə-gənclərlə iş, onların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərə yönəlik layihələrin reallaşdırılması, gənclər arasında müsabiqələrin, intellektual oyunların təşkil olunması, fəal gənclərlə görüşlərin keçirilməsi, onların mükafatlandırılması və digər istiqamətlərdə qurmuşdur.